Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsində Xocalı şəhidlərinin xatirəsi yad edildi

25 Şub 2015 22:00 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2015 22:17 güncellendi ]
        
Bu gün Şəki Bələdiyyəsində XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı.
 

        Əvvəlcə toplandı iştirakçıları Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
        Sonra anım mərasimində çıxış edən bələdiyyə sədri Elşad İbadov fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Sədr Xocalı faciəsinə qədər xalqımıza qarşı törədilən qətliamlar, onların səbəblərindən danışıb, soyqırımla bağlı tədbir iştirakçılarının diqqətinə hadisənin statistikasını çatdırdı. 
        Bələdiyyə sədrinin birinci müavini Etibar Nuriyev çıxış edərək Xocalı faciəsinin ağır nəticələri haqqında söhbət açdı, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi. O, Xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirdi.
        Etibar Nuriyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən, Xocalı soyqırımının Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyətdən, bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar səviyyəsində görülən tədbirlərdən danışdı, Xocalı faciəsini Azərbaycan tarixinin qanla yazılmış səhifəsi adlandırdı. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən E.Nuriyev Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu qeyd etdi. Sədrin birinci müavini öz çıxışında erməni millətçilərinin tarix boyu xalqımıza qarşı istər Şimali, istərsə də Cənubi Azərbaycanda həyata keçirdikləri soyqırımları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində hər birimizin fəal iştirakının vacibliyini də vurğuladı. 
 

        Tədbirdə Şəki Bələdiyyəsi sədrinin müavini Şirin Həbibullayev, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru Murad Nəbibəyov və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söylədilər, Xocalıların amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.
Şəki Bələdiyyəsi
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi