Bu gün - fevralın 26-da Şəki Bələdiyyəsində tariximizə qanlı hərflərlə yazılmış - XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı. 







    
    Tədbir Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
        Sonra Şəki Bələdiyyəsinin sədri Elşad İbadov çıxış edərək iclas iştirakçılarına xatırlatdı ki, 26 il əvvəl Xocalı şəhərində nankor qonşularımız olan ermənilər tərəfindən 83 uşaq, 106 qadın və 70-dən çox yaşlı insan - cəmi 613 nəfər soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. O, fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Sədr Xocalı faciəsinə qədər xalqımıza qarşı törədilən qətliamlar, onların səbəblərindən danışıb, soyqırımla bağlı tədbir iştirakçılarının diqqətinə hadisənin statistikasını çatdırdı.
Bələdiyyə sədrinin birinci müavini İntiqam Əşirov da çıxış edərək Xocalı faciəsinin ağır nəticələri haqqında söhbət açdı, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi. O, Xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirdi.
        Sonra bələdiyyə sədrinin müavini Şirin Həbibullayev çıxış edərək Xocalı faciəsini Azərbaycan tarixinin qanla yazılmış səhifəsi adlandırdı. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən Ş.Həbibullayev Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu qeyd etdi. Bələdiyyənin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyov öz çıxışında erməni millətçilərinin tarix boyu xalqımıza qarşı istər Şimali, istərsə də Cənubi Azərbaycanda həyata keçirdikləri soyqırımları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində hər birimizin fəal iştirakının vacibliyini vurğuladı.
        Tədbirdə Şəki Bələdiyyəsi sədrinin müavini Gülnaz Salamova, bələdiyyə üzvləri Cavad İsmayıllı, Ənvər Mikayılzadə və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söylədilər, Xocalıların amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.

Şəki Bələdiyyəsi
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
Comments