Xəbərlər‎ > ‎

Tanınmış həkim Ziya Əsədov dünyasını dəyişdi

26 Eyl 2017 03:23 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 26 Eyl 2017 03:29 güncellendi ]
Azərbaycan səhiyyəsi 
ağır itki ilə üzləşmişdir. 
Bakı şəhər 5 saylı klinik 
xəstəxanasının baş həkimi, 
bir müddət səhiyyə nazirinin 
müavini olmuş həmyerlimiz, 
cərrah Ziya Əsədov 
s
entyabrın 25-də gecə saatlarında 
ürək tutmasından vəfat etmişdir. 





        Ziya Əsədov 1954-cü il sentyabrın 27-də Şəkidə anadan olmuşdur. Doğma şəhərində orta təhsilini başa vurduqdan sonra, 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul olmuş, 1977-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra cərrah ixtisasına yiyələnmişdir. İnstitutu qurtardıqdan sonra 11 ay interna keçmiş və akademik M.A.Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunda cərrah kimi əmək fəaliyyətinə başlamışdır. 1980-84-cü illərdə Bakı şəhər 2 saylı klinik xəstəxanasında və 1985-ci ildə Bakı 6 saylı tibb-sanitar hissəsində cərrah işləmiş Ziya Əsədov 1985-ci ildən Bakı şəhər 5 saylı klinik xəstəxanasında fəaliyyətini davam etdirmişdir.
        Ziya Əsədov 1992-93-cü illərdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışdıqdan sonra, 1993-cü il oktyabrın 5-də Bakı şəhər 5 saylı klinik xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər həmin vəzifəni icra etmişdir.
        Ziya Əsədov həm də Azərbaycanımızın sovet əsarətindən azad olması və müstəqilliyimiz uğrunda aparılan mübarizənin fəal iştirakçısı olmuşdur. Həkim və baş həkim işlədiyi dövrdə ona müraciət edən xəstələrin hamısının dərin hörmətini qazanmış, maddi-sosial durumundan asılı olmayaraq sağlamlığında problemləri olan hər bir insanın şəfa tapması üçün əlindən gələni etmişdir.
        Bu gün Facebook sosial şəbəkəsində Ziya həkim haqqında müxtəlif insanların - onu tanıyanların və tanımayanların yazdıqları ürək sözlərini oxumaq kifayətdir ki, onun necə təvazökar insan, yaxşı rəhbər və bacarıqlı həkim olduğunu biləsən.
        Ziya Əsədov həm də qayğıkeş ailə başçısı - ata və baba idi. Onun iki övladı və beş nəvəsi var.

        Haşiyə: Mən Ziya həkimi hələ orta və ali məktəb illərindən yaxşı tanısam da, onun əmək fəaliyyəti barədə məlumatları dəqiqləşdirmək üçün rəhbəri olduğu xəstəxananın kadrlar şöbəsi ilə telefon əlaqəsi saxladım. Özünü Gülya xanım kimi təqdim edən xəstəxana əməkdaşının səsinin batdığını hiss etdim. Və o mənim: “Niyə belə danışırsınız?” sualıma ağlamsınaraq: “Necə danışmalıyam ki, elə gözəl insanı itirmişik...” - deyə cavab verdi. Sonra isə baş həkiminin ölümündən çox kədərlənmiş Gülya xanım Ziya Əsədovun ali məktəbi qurtardıqdan sonrakı fəaliyyəti barədə müfəssəl məlumatları bildirdi...

        Şəki bələdiyyəsinin kollektivi, Ziya Əsədovun ailəsinə, əzizlərinə, yaxınlarına və dostlarına bu ağır xəbərdən sarsıldığını bildirir və dərin hüznlə baş sağlığı verir.
        Ziya həkimin əziz xatirəsi onu tanıyanların yaddaşından heç vaxt silinməyəcəkdir. 

        Allah rəhmət eləsin.
M. NƏBİBƏYOV