Xəbərlər‎ > ‎

Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib

26 Kas 2014 11:46 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Kas 2014 11:48 güncellendi ]
        Bu gün Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 

        Azərbaycanın milli qadın ipək baş örtüyü olan kəlağayı bu siyahıya ənənəvi hazırlanması və örtülməsi qaydaları və rəmzlərinə görə salınıb. Bəli, ölkəmizdə hələ qədim dövrlərdən kəlağayı istehsalı ilə məşğul olublar və bu gün də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Rəngarəngliyi, naxışları, zərifliyi ilə göz oxşayan kəlağayıların hazırlanması elə də asan başa gəlmir. Baramaqurdu bəslənir, alınan baramadan ipək sap əldə olunur, sonra kəlağayılar toxunur, boyanır və üzərinə naxışlar vurulur. Bunun üçün soğanı, heyrati, ağ, qara və digər rənglərdən istifadə edilir. Rənglənmə təbii və kimyəvi boyalarla həyata keçirilir. Kəlağayılarımızın bu siyahıya daxil edilməsi isə bu sahənin daha da inkişafına şərait yarada bilər. Kəlağayıların üzərindəki milli ornamentli naxışlar isə alıcıları daha çox cəlb edir. Naxışlar arasında ilanvari haşiyələr, çiyələk, gül-çiçəklərlə yanaşı, tac, buta rəsmləri də üstünlük təşkil edir. Azərbaycana, o cümlədən Şəkiyə gələn qonaqlara kəlağayılar qədim baş örtüyü kimi təqdim edilir və istifadə qaydaları haqqında məlumat verilir. Kəlağayımızın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması mədəniyyətimizin, adət-ənənələrimizin dünyada təbliği və bu mirasın qorunması baxımından mühüm addımdır.
Mənbə: Kanal S