Xəbərlər‎ > ‎

Azərbaycan elminə ağır itki üz verib

25 Kas 2016 23:24 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Kas 2016 23:25 güncellendi ]
        Azərbaycanda geologiya sahəsində mühüm xidmətləri olan görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə noyabrın 23-də 80 yaşında vəfat edib.


        Z.Əlizadə 1936-cı il fevralın 4-də Şəki şəhərində anadan olmuşdur. 1953-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə ali məktəbi dağ-mədən geoloqu mühəndisi ixtisası üzrə başa vurmuşdur.
        Əmək fəaliyyətinə 1958-ci il avqustun 8-dən təyinat üzrə Pirallahı Neft-Mədən İdarəsində operator kimi başlamış, 1959-cu il yanvar ayının 21-də yüksək biliyi nəzərə alınaraq Azərbaycan EA-nın Geologiya İnstitutuna baş laborant vəzifəsinə keçirilmişdir. Həmin ilin sentyabr ayının 7-dən institutun kiçik elmi işçisi kimi fəaliyyət göstərmişdir.
        1962-ci ildə Geologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1966-cı ildə "Qərbi Azərbaycanın Ağcagil çöküntülərində bəzi kimyəvi elementlərin yayılma qanunauyğunluqları və onunla əlaqəli paleocoğrafi problemlər" mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970-ci ildə müsabiqə yolu ilə Geologiya İnstitutunun baş elmi işçisi seçilmişdir.
        Zəkəriyyə Əlizadə 1972-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin sərəncamına əsasən köçürmə yolu ilə Şəki Elmi Bazasına rəhbər təyin olunmuşdur. 1995-ci ildə müəssisə Şəki Regional Elmi Mərkəzinə çevrildikdən sonra isə həmin müəssisənin direktoru olmuşdur.
        Elmi mərkəzə rəhbərlik etdiyi gündən o, müəssisənin yüksək ixtisaslı kadrlarla təminatını əsas vəzifə kimi qarşıya qoymuş, burada müvafiq tədqiqat strukturlarını formalaşdırmışdır. Qədim mədəniyyət və elm mərkəzi olan Şəkinin folklorşünaslıq, geoloji-coğrafi, fiziki baxımdan öyrənilməsi üçün laboratoriyalar təşkil etmişdir.
        Alim öz ixtisası üzrə tədqiqatlarını genişləndirərək, 1989-cu ildə Ukrayna EA-nın Geoloji Elmlər İnstitutunda birdəfəlik Elmi Şurada "Mürəkkəb dislokasiyaya uğramış rayonların filiz yerləşən süxurlarının litologiyası və filiz elementlərinin geokimyası (Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntüləri timsalında)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
        1962-2010-cu illərdə alimin 80-dən çox elmi məqaləsi, 4 kitabı nəşr olunmuşdur.
        Z.Əlizadənin elmi-ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, AMEA-nın yaradılmasının 60 illik yubileyi ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
        Gənc kadrların hazırlanması işinə də böyük diqqət yetirən alim 8 aspirant və dissertantın elmi işinə rəhbərlik etmişdir.
        Azərbaycan elmində əvəzsiz xidmətləri olan Zəkəriyyə Əlizadənin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

        Allah rəhmət eləsin!
Mənbə: Science.gov.az