Xəbərlər‎ > ‎

Şəkinin Baltalı kəndində yol problemi (video)

27 Kas 2014 01:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Kas 2014 01:47 güncellendi ]
        Şəkidə abadlıqla bağlı bir çox işlər görülür, yollar asfaltlanır, gediş-gəlişdə çətinliklər aradan qaldırılır. Ancaq Baltalı kəndində yol problemi olduğu kimi qalır. 
        
        Sakinlər isə kənd yolunun tezliklə asfaltlanacağına ümid edirlər. 2200 sakinin yaşadığı Baltalı kəndinin əsas problemi yolla bağlıdır. Gündəlik işə, məktəbə, rayon mərkəzinə gedib-gələn sakinlər bu dağınıq, çala-çuxurlu yoldan istifadə etmək məcburiyyətindədirlər. Xüsusilə, yağış yağan zaman yaranan iri gölməçələr və bataqlıqlar buradan avtomobil və piyadaların hərəkətini mümkünsüz edir. Bu yol avtomobillərin qənimidir desək, yanılmarıq. Hərəkət zamanı saysız-hesabsız çüxura düşən avtomobillər vaxtaşırı ustaya aparılır. Sürücülər artıq usta yanına getməkdən bezdiklərini deyirlər. Təbii ki, bu çüxurlar həm də təhlükə mənbəyidir. Sakinlər bu yolda tez-tez qəza şəraitinin yarandığını bildirirlər. Doğrudur vaxtaşırı bu çüxurlar qum və çınqılla doldurulur. Ancaq bu, problemi birdəfəlik həll etmir. Necə deyərlər, yağış yağan kimi əvvəlki vəziyyət bərpa olur. Baltalı kənd icra nümayəndəsi Rəfael Məmmədovun sözlərinə görə, "Regionların 2014-2018 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Şəkinin Baltalı, Qoxmuq, Babaratma, Qudla və Qaradağlı kəndlərini əhatə edən dairəvi yol çəkiləcək və bununla da bu kəndin yol problemi həllini tapacaq.
        Sakinlərə isə qalır bir az da səbr etmək. Hamı kimi, onlar da nə vaxtsa məktəbə, işə rahat gedib-gələcəyi günü səbirsizliklə gözləyirlər.
Mənbə: Kanal S