Xəbərlər‎ > ‎

Bu il Şəki xanlarının sarayını 40 min nəfərdən çox turist ziyarət edib

27 Ara 2014 09:19 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Ara 2014 09:20 güncellendi ]
        2014-cü ildə Şəkidəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən muzeyləri və tarixi abidələri, o cümlədən XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayını 40 min nəfərdən çox yerli və xarici turist ziyarət edib. 

        Beynəlxalq səviyyəli tədbirlərin və festivalların keçirilməsi, eləcə də müasir tələblərə cavab verən turizm infrastrukturunun mövcudluğu Şəkiyə gələn turistlərin sayının daha da artmasına səbəb olub.
        Bu barədə “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva AzərTAc-a eksklüziv müsahibəsində bildirib.
        Qoruğun direktorunun sözlərinə görə, Azərbaycan Prezidentinin Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında müvafiq sərəncamlarına uyğun olaraq, şəhərin milli memarlıq üslubunun qorunub saxlanılması şərti ilə müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verib. Şəhər tamamilə dəyişib, müasirləşib, daha da gözəlləşib. Bu da, öz növbəsində, turistlərin bu diyara marağının artmasına gətirib çıxarıb. Festivallar şəhəri kimi tanınan Şəkidə 2014-cü il ərzində 4 Beynəlxalq festivalın keçirilməsi də şəhərə turist axınının artmasını şərtləndirən amillərdəndir.
        Qoruğun direktoru bildirib ki, bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar çərçivəsində cari ilin avqust və noyabr aylarında ölkəmizin müxtəlif şəhər və rayonlarından minlərlə məktəbli Şəki xanlarının sarayını, eləcə də Qoruğun ərazisində yerləşən digər tarixi-memarlıq abidələrini ziyarət edib, muzeylərlə tanış olub.
        “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində aparılan araşdırmalar barədə məlumat verən Təranə Abdullayeva deyib: “Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınmış 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr, həmçinin xatirə kompleksləri mövcuddur. Son illər apardığımız araşdırmalar nəticəsində bu ərazidə yaşı yüzdən yuxarı olan daha 205 abidə aşkar etmişik. Bunlar əsasən mülklər, yaşayış evləri, kustar emalatxanalar, tütün fabriki, kiçik ipək sexləri, anbarlar və ticarət obyektləridir”.
        T. Abdullayevanın bildirdiyinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən artıq qoruğun xəritəsi də hazırlanıb. Bu xəritəyə görə, qoruğun ərazisi 283 hektardır. Xəritədə dövlət qeydiyyatına alınmış 25 tarixi abidə ilə yanaşı, yeni tapılan, lakin hələlik qeydiyyata götürülməyən 205 abidə də öz əksini tapıb. Bu abidələrin də qeydiyyata alınması ilə bağlı artıq müvafiq qurumlara müraciətlər olunub.
Mustafa DADAŞOV
AzərTAc, Şəki, 26 dekabr