Xəbərlər‎ > ‎

Şəkidə "Şəhər günü"nə həsr edilmiş bayram tədbiri keçirilmişdir

28 Eki 2014 02:38 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Eki 2014 05:23 güncellendi ]
    Zəngin tarixə və qədim mədəniyyətə malik Şəki 2702 illiyini təntənəli şəkildə qeyd etdi. Orta əsr Şərq şəhərsalma mədəniyyətini özündə hifz edən bu qədim diyar bu gün yeni inkişaf mərhələsini yaşayır.

    
Oktyabrın 24-də Şəkidə “Şəhər günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Bayram şənliklərində respublikamızın tanınmış elm və incəsənət xadimləri, Şəki ilə qardaşlaşmış Gürcüstan Respublikasının Telavi şəhərindən gəlmiş nümayəndə heyəti, habelə ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, musiqi və rəqs kollektivləri iştirak ediblər.
    Şəhər rəhbərliyi və tədbirə dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla anıblar.
    Sonra “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisindəki yay teatrında bayram tədbirləri çərçivəsində ilk konsert təqdim olunub. Şəhərin balaca sakinləri bayram iştirakçılarını rəqs kompozisiyası ilə salamlayıblar. Daha sonra Gürcüstanın Telavi şəhər bələdiyyəsinin mahnı və rəqs ansamblı geniş konsert proqramı ilə çıxış edib.
    
Telavi şəhər xalq məclisinin sədri, nümayəndə heyətinin rəhbəri Arçil Txlaşidze belə bir mötəbər tədbirə dəvət olunduqlarına görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, Şəki və Telavi şəhərləri arasında qardaşlıq münasibətlərinin əsası 2012-ci ilin iyulunda qoyulub.
Kollektivin yüksək peşəkarlıqla təqdim etdiyi şux və oynaq gürcü xalq rəqsləri, qılıncoynadanların, nağaraçalanlar qrupunun ifasında dağlı xalqların rəngarəng rəqs kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
    Konsertin sonunda Şəki şəhər bələdiyyəsi adından kollektivə xatirə hədiyyələri təqdim olunub.
“Şəhər günü”nə həsr olunmuş tədbirlər çərçivəsində 5 nömrəli tam orta məktəbin həyətində ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin hazırladıqları rəqs kompozisiyaları, fləşmob nümayiş etdirilib. Şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə mərkəzi kitabxanada keçirilən “dəyirmi masa”da gənclər yaşadıqları şəhərin tarixi, mədəniyyəti barədə dəyərli məlumatlar əldə ediblər.
    
Həmin gün axşam Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Şəhər günü”nün təntənəli bağlanış mərasimi keçirilib. Şəhər sakinlərini əlamətdar tarixi gün münasibətilə təbrik edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov artıq üçüncü dəfə qeyd olunan bu bayramın Şəkinin tarixini, mədəniyyətini, folklorunu, etnoqrafiyasını, mətbəxini, turizm potensialını daha geniş təbliğ və nümayiş etdirmək məqsədi daşıdığını bildirib. Vurğulanıb ki, Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəki qədim tariximizin bütün mərhələlərini özündə birləşdirən bənzərsiz diyardır. Bu şəhərdə inşa edilən dünya və ölkə əhəmiyyətli memarlıq abidələri, qədim karvansaraylar, qalalar, məscid və məbədlər mədəni irsimizin nadir incilərindəndir. Zəngin tarixə malik olan Şəkidə bu bayramın keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, artıq Şəki Azərbaycanda festivallar şəhəri kimi tanınır. Cari ilin ötən dövründə bu şəhərdə dörd Beynəlxalq festival keçirilib.
    “Şəhər günü”nə həsr olunmuş bayram tədbiri rəngarəng konsert proqramı ilə başa çatıb.

* * *

    Arçil Txlaşidze: "Şəki ilə Telavi şəhərləri arasında bir çox oxşar cəhətlər var"


    Şəki ilə Telavi arasında bir çox oxşar cəhətlər var. Şəhərlərimizin qardaşlaşdığı 2012-ci ildən etibarən dostluq əlaqələrimiz sürətlə inkişaf edir. Ümidvarıq ki, bu əlaqələr hələ uzun illər davam edəcək və daha da möhkəmlənəcək.
    Bunu Şəkidə “Şəhər Günü” münasibətilə keçirilən bayram tədbirlərində iştirak edən Gürcüstan Respublikası Telavi şəhər xalq məclisinin sədri, nümayəndə heyətinin rəhbəri Arçil Txlaşidze jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında çox isti, möhkəm dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu bütün dünya bilir. Hər iki ölkənin dövlət başçıları bu əlaqələrin daha da möhkəmlənməsinə çox böyük töhfə verirlər.
    “İnsanlar toy-bayram edərkən ətrafına yaxınlarını, doğmalarını toplayırlar. Sevinirik ki, Şəkinin 2702 illiyinə yaxın dost kimi, biz də dəvət almışıq. Fürsətdən istifadə edib, biz də öz növbəmizdə şəkililəri, şəhər rəhbərliyini noyabrın əvvəllərində Telavi şəhərinin yaranması günü münasibətilə keçiriləcək bayram tədbirlərinə dəvət edirik” - deyə Arçil Txlaşidze vurğulayıb.