Xəbərlər‎ > ‎

Azərbaycan mətbuatının problemləri dünya mətbuatının problemlərindən fərqli deyil

29 Oca 2015 00:54 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Oca 2015 00:59 güncellendi ]
        Mətbuat və onun problemləri hər dəfə olduğu kimi, bu dəfə də Avropa Şurası Parlament Assambleyasının sessiyasında diqqət mərkəzində idi. Mədəniyyət, elm, təhsil və media komitəsinin yanvarın 28-də keçirilən toplantısında Xorvatiyadan olan deputat Qvozden Fleqonun hazırladığı “Avropada mətbuat azadlığının qorunması” adlı məruzə ətrafında ciddi müzakirələr aparıldı.


        Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmizin mətbuat həyatı üçün əhəmiyyət kəsb edən bir sıra məsələlərə aydınlıq gətirdi. O, əvvəlcə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi və onun nəşr etdiyi ilk mətbu orqanından danışdı: “Bu il Azərbaycanın mətbuat həyatında son dərəcə əlamətdar hadisə baş verəcək. İyun ayının 22-də Azərbaycan ilk müstəqil qəzetinin yaranmasının 140 yaşını bayram edəcək. 1875-ci ildə birinci nömrəsi işıq üzü görən həmin qəzet “Əkinçi” adlanırdı və qəzetin belə adlanmasında senzuranın təsiri var idi. “Əkinçi” – əkən-biçən, becərən, yetişdirən deməkdir. Biz bu gün keçilmiş yola nəzər salarkən həmin ilk qəzetimizi yaratmış böyük maarifçi Həsən bəy Zərdabinin savad, maarif, mədəniyyət toxumları səpdiyi, yeni düçüncənin, müasirliyin əkinçisi olduğunu düşünərək “Əkinçi” kəlməsini məcazi, rəmzi mənada qavrayırıq. Lakin o vaxt - XIX əsrin sonlarında Azərbaycanın da tərkibində olduğu çar hökuməti azad sözdən ehtiyat etdiyindən yalnız kənd təsərrüfatı, əkin-biçin məsələlərindən yazacaq bir qəzetin buraxılmasına icazə vermişdi. Hərçənd ilk Azərbaycan qəzetinin yaradıcıları bütün məhdudiyyətlərə baxmayaraq, ölkənin və regionun həyatındakı müxtəlif ictimai-siyasi problemlərdən də mütəmadi olaraq söz açmağı bacarmışdılar”.
        Rafael Hüseynov müasir mətbuatın üzləşdiyi bəzi problemlərə də toxundu: “Bəs indi vəziyyət necədir? Tam azad mətbuat varmı? Mən bu sualı dilə gətirərkən Azərbaycan və yeni müstəqillik əldə etmiş, azad mətbuatı son on illərdə formalaşan ölkələrdən daha əvvəl Amerika Birləşmiş Ştatlarının, Avropanın köhnə ənənəli mətbuatını nəzərdə tuturam. Mətbuata yaxından bələd olan bir insan kimi tam qətiyyətlə bildirirəm ki, dünyanın heç bir yerində heç vaxt 100 faiz azad mətbuat olmayıb. Sadəcə, sərbəstliyin özünün də hər mətbuat orqanında müəyyən çərçivələri var. Avropa Şurası Parlament Assambleyası və Azərbaycan Milli Məclisinə üzv olmaqdan qabaq 10 il müddətində mən “Amerikanın səsi” radiosunun Azərbaycan üzrə xüsusi müxbiri işləmişəm. Orada da həm mən, həm də həmkarlarım həmişə məhdudiyyətlərin uzun bir siyahısı ilə üz-üzə olmuşuq. Bu günlərdə “The Boston Globe” qəzetində “Azadlıq” radiosunun sabiq direktoru Cefri Gedmin “Mərkəzi Kəşfiyyat İdarəsi bəyan etməlidir ki, jurnalistləri ələ almır” sərlövhəli məqalə ilə çıxış etmişdi. O bəyan edir ki, MKİ dünyanın müxtəlif ölkələrində jurnalistlərdən təsir agenti kimi istifadə təcrübəsinə malikdir və bir zamanlar hətta “Azadlıq” radiosunu birbaşa bu qurum maliyyələşdirib. Sonra isə həmin radiostansiyanın maliyyələşmə qaynağı dəyişib. Təbii ki, zahiri dəyişikliklər mahiyyəti dəyişmir. Lakin qəribəsi budur ki, bütün bunları yazandan sonra “Azadlıq” radiosunun sabiq şefi iddia edir ki, guya MKİ daha bu işlərlə məşğul olmur və ona görə də bəyanat verməlidir ki, misal üçün Azərbaycanda həbs edilən jurnalist Xədicə İsmayılova onların casusu olmayıb. Aydın məsələdir ki, MKİ Cefri Gedmindən daha ağıllı və əsl həqiqətlərə daha yaxşı bələd olduğundan təxminən etirafa bərabər belə bəyanatı qətiyyən verməz. Son illərdə MKİ-nin bilavasitə özünün və eləcə də ayrı-ayrı beynəlxalq təşkilatlardakı agentlərinin vasitəsilə müəyyən jurnalistləri, hüquq müdafiəçilərini, ictimai fəalları təsir dairəsinə salmasını, onlardan kəşfiyyat məqsədləri ilə istifadə etməsini təsdiqləyən çoxlu faktlar var. Həmin şəbəkəyə daxil olan jurnalist, hüquq müdafiəçisi agentlər müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ifşa edilərək həbs olunanda isə MKİ beynəlxalq təşkilatlardakı agentura şəbəkəsinin dili ilə bütün bunları demokratiya, söz, mətbuat azadlığına qarşı hücumlar kimi qələmə vermək üçün hay-küylü kampaniyalar başladır. Bu minvalla da ən çox canfəşanlıq edənlər istər-istəməz özləri özlərini ifşa edir, məhz MKİ tərəfindən təlimatlandırıldıqlarının, istiqamətləndirildiklərinin, kənardan idarə olunduqlarının üstünü açmış olurlar. “Azadlıq” radiosunun Bakı bürosunun timsalında Azərbaycan da növbəti dəfə bu arzuolunmaz fəsadlarla qarşılaşmışdır. Azərbaycan kifayət qədər sərbəst, azad KİV-i olan bir ölkədir və ayrı-ayrı xarici xüsusi xidmət orqanları, eləcə də muzdlu, proqramlaşdırılmış riyakar siyasətçilər tərəfindən Azərbaycanın guya mətbuatı azad olmayan ölkə kimi təqdim edilməsi kimi absurd iddialar qəbuledilməzdir. Mahiyyəti etibarilə ölkəyə siyasi təzyiqin, dövlət müstəqilliyi əleyhinə addımların göstəricisi olan belə çirkin hərəkətlərin mətbuat azadlığının qorunması kimi saf bir ideyaya aidiyyəti yoxdur. Avropada mətbuatı və mətbuat işçisini bu gün ilk növbədə onun nüfuzuna ciddi zərbə vuran bu təmayüldən – böyük gücə, geniş əlaqələrə və hüdudsuz təsir imkanlarına malik belə məkrlərdən qorumaq lazımdır”.
        Komitə iclasında Rafael Hüseynovun təklifləri əsasında məruzəyə müəyyən dəyişikliklər edildi.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq, 29 yanvar, AzərTAc