Xəbərlər‎ > ‎

Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın xatirəsi yad edildi

28 Mar 2015 23:09 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Mar 2015 23:10 güncellendi ]
        
Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olmuş - Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın martın 22-də 45 yaşı tamam oldu.
        Martın 14-də isə Bakıda Rəhilə xanımın anım mərasimi keçirilib.


        Gənc vətənpərvər Leyla Fərhad qızı Həsənovanın təşəbbüsü, Almaz Zeynalovanın rəhbəri olduğu “Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin dəstəyi ilə keçirilən tədbir “Unutmadıq, unutmarıq, unudulmayacaq!” adlanırdı. Elşən Sabiroğlu tədbirin açılışını sədr və layihə rəhbərinə həvalə etdi. Leyla Həsənova Şəhid Rahilə Qarayeva haqqında gələn qonaqlara məlumat verdi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhid xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən Qarabağ döyüşçüləri Rahilə Qarayevanın döyüş şücaətindən danışdılar. İbrahim İbrahimov və Mələk Müzəffərova şəhidin xatirəsinə şeirlər söylədilər. Milli konservatoriyanın tələbələri “Qarabağ şikəstə”sini ifa
etdilər. Milli qəhraman Fired Asifin qardaşı Ədalət Məmmədov Rahilə Qarayevanın cürətinin, cəsarətinin gənclər üçün bir örnək olduğunu dedi: “Rahilə xanımın döyüş yoldaşı olaraq demək istəyirəm ki, o, mərd idi. 1992-ci il dekabrın 10- da Qubadlı rayonu Yuxarı Cibihli kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmin döyüşdə biz cəsur komandirimiz Həsənqulu Qasımovu, döyüşçü yoldaşlarımız Sirac Mehdiyevi, Əhmədi, Tərlanı, topçumuz Rafaeli itirdik. Bu qanlı döyüş zamanı Rahilə Qarayeva adını çəkdiyim heç bir igiddən geri qalmırdı. Özünə söz vermişdi ki, şəhidlərimizin qisasını alacaq. Çox təəssüf ki, 1993-cü ilin iyununda Rahilə Qarayevanı da itirdik. Onun adı da ucalan şəhidlərlə bir sırada çəkildi.”
        Anım mərasimində bir çox təşkilatların nümayəndələri də iştirak etdi. Bilik Fondundan Səlim Mirqafarov, “Qürur”-Şəhid ailələri birliyinin sədri Naibə Behbudova, kapitan Gülnarə Musəliyeva,
Əlillər cəmiyyətinin sədri Salman Xudaverdiyev, Qaradağ rayonu polis mayoru Aidə Şirinova, Müharibə veteranı Nigar Həmidli, Qarabağ qazisi Təranə Mürsəlqulova, döyüşçü Sevda Səfərova, bacıları Savad və Xanımzər də öz çıxışlarında Rahilə xanımın həyat yolunun qürur mənbəyimiz olmasından danışdılar. Şəhid xanım haqqında olan film də iştirakçılara təqdim olundu. Leyla Həsənova daha sonra çıxış edərək bildirdi: “Belə tədbirləri keçirməkdə məqsədimiz gənclərə vətəni sevməyi aşılamaq, şəhidlərimizin unudulmasına izn verməməkdir.” Almaz Zeynalova isə çıxışında qeyd edib ki, Tovuz Rayon İcra Hakimiyyətindən Rahilə Qarayevanın adının əbədiləşdirilməsi üçün müvafiq addımların atılmasını xahiş edirik.
Mənbə: Newsbaku.info