Xəbərlər‎ > ‎

“Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin açılış mərasimi dostluq və qardaşlığın təntənəsinə çevrildi

28 Nis 2016 22:29 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Nis 2016 22:57 güncellendi ]
        Dünən - aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.

        Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymenov, beynəlxalq təşkilatlardan, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
        
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
        “Paytaxt ili”nin təntənəli açılış mərasiminin proqramı maraqlı və rəngarəng tədbirlərlə zəngin olub.
        Qala divarlarının giriş qapısından içəriyə daxil olan tədbir iştirakçılarını milli geyimli qızlar şərbətlə qarşılayıblar. Qonaqlar Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının giriş qapısının qarşısındakı yaşıl meydançada xalqımızın qədim milli atüstü oyunlarından olan çövkən yarışını izləyiblər. Məlumat verilib ki, Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
        
Sonra tədbir iştirakçıları Xan Sarayının həyətinə daxil olublar. Burada qonaqları sarayın rəmzi “xanı və onun vəzir-vəkilləri, əyanları” qarşılayıblar. Sarayın otaqlarını gəzən qonaqlar hər məkanda xanlıqlar dövrünü xatırladan canlı obrazlarla qarşılaşıblar.
        Tədbir iştirakçıları daha sonra qoruğun ərazisindəki V-VI əsrlərə aid tarixi-memarlıq abidəsi olan Dairəvi Məbədin həyətinə gəlib, burada təşkil edilən Şərq bazarını gəzib, el sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olub, kəndirbazların, pəhləvanların çıxışlarını izləyib, folklor və musiqi kollektivlərinin ifasını dinləyib, Şəki mətbəxinin ləziz təamlarına qonaq olublar.
        
Sonra XVIII əsrin sonlarına aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansara” mehmanxana kompleksinə gələn tədbir iştirakçıları burada rəqs kollektivlərinin və qədim musiqi alətləri ansamblının çıxışını izləyib, Şəki sənətkarlarının hazırladığı sənət nümunələrinin satış-sərgisinə baxıblar.
        “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Yay teatrında “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin rəsmi açılış mərasimi olub.
        Şəhər icra hakimiyyəti başçısı Elxan Usubov Şəkinin bu şərəfə 2015-ci ildə TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində mədəniyyət məsələləri üzrə məsul nazirlərin Türkmənistan Respublikasının Mari şəhərində keçirilən toplantısında layiq görüldüyünü diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı bildirib ki, bu qərarın qəbul edilməsi heç də təsadüfi deyildir. İndiyədək TÜRKSOY təşkilatının yaxından iştirakı ilə Şəki şəhərində müxtəlif layihələr həyata keçirilib. 2012-ci ildə Şəki şəhəri TÜRKSOY tərəfindən “Türk dünyasının qeyri-maddi mədəni irs Paytaxtı” seçilib, 2012-ci il “Mirzə Fətəli Axundzadə ili” elan edilib. 2014-cü ildə qurumun təşkilatçılığı ilə Şəkidə rəssamların sərgisi və türkdilli ölkələrin milli geyimlərindən ibarət dəfilə təşkil edilib.
        
Elxan Usubov ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya şəkililər adından dərin minnətdarlığını bildirib.
        Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “Bu gün qədim Şəki şəhərində bütün türk dünyasının mədəniyyətini birləşdirən bir hadisə baş verir. Türk mədəniyyətini Azərbaycansız, bu iki mədəniyyəti isə Şəkisiz təsəvvür etmək qeyri-mümkündür. Bu gün Şəkidə çox böyük bayram əhvali-ruhiyyəsi hökm sürür. Bunu tədbirdə iştirak edən qonaqlar da təsdiq edirlər. Həqiqətən də Şəki şəhəri dünya miqyasında tanınan mədəniyyət mərkəzidir”.
        
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, belə tədbirlər xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. İqtisadi və mədəni sahədə əlaqələr inkişafa təkan verir. Ali nümayəndə deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının əsas məqsədi xalqlar arasında əlaqələri daha da genişləndirmək, körpü yaratmaqdır.
        TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi beşinci şəhər olduğunu diqqətə çatdırıb. Şəkinin böyük şairlərin, yazıçıların, incəsənət xadimlərinin vətəni olduğunu vurğulayan qurumun baş katibi deyib ki, bu şəhər qədim tarixi abidələri, dadlı şirniyyatı və yumoru ilə də dünyada məşhurdur. Bütün bu amillər Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsində mühüm rol oynayıb.
        
Sonra 2015-ci ilin yekunlarına görə, media sahəsində fərqlənən Azərbaycanın və digər türkdilli ölkələrin KİV təmsilçilərinə TÜRKSOY-un mükafatları təqdim olunub.
        Rəsmi açılış mərasimindən sonra Azərbaycanın və türkdilli ölkələrdən gəlmiş musiqi kollektivləri maraqlı konsert proqramı təqdim ediblər. Konsert “Cəngi” Dövlət Rəqs Ansamblının, Türkiyə, Qazaxıstan və Türkmənistanın rəqs kollektivlərinin və Şuşa musiqi məktəbinin rəqs qrupunun ifasında “Yallı” rəqsi ilə başlanıb. Tədbir iştirakçıları Azərbaycanın tanınmış aşıqlarının və muğam ustalarının, Qazaxıstan, Türkmənistan və Türkiyədən gəlmiş rəqs kollektivləri və müğənnilərin, Qırğızıstan, Başqırdıstan və Qaqauzdan gəlmiş solistlərin, Şəki şəhər kamera orkestrinin çıxışlarını maraqla izləyiblər.
        Açılış mərasimi atəşfəşanlıqla başa çatıb.
Mustafa DADAŞOV, 
Mənbə: AZƏRTAC
                                                                 URL: “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016”