Xəbərlər‎ > ‎

Şəki xanlarının sarayının qarşısında ecazkar Yaponiya musiqisi səslənib

29 Haz 2016 07:00 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Haz 2016 07:01 güncellendi ]
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın əvvəlki günlərində tamaşaçılar TURKSOY-un xalq çalğı alətləri orkestrinin, Türkiyənin “Şimdi” ansamblının, Anadolu Türk Xalq Mahnı və Rəqs kollektivinin çıxışlarını izləyiblər.

        AZƏRTAC xəbər verir ki, iyunun 29-da günorta saatlarında Şəki xanları sarayının həyətində Yaponiyanın “Va-Liqa” musiqi ansamblının konserti olub. Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının, TÜRKSOY-un, Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmiləri, musiqisevərlər iştirak ediblər.
        Konsertə başlamazdan əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək, Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayında yapon musiqiçilərinin konsertinin gerçəkləşməsi çox əlamətdardır.
        
Diqqətə çatdırılıb ki, tamaşaçılar qarşısında çıxış edəcək “Va-Liqa” ansamblı Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Ansamblın 2014-cü və 2015-ci illərdə Bakı və İsmayıllı şəhərlərindəki konsertləri Azərbaycan tamaşaçıları tərəfindən yüksək qiymətləndirilib.
        Yaponiya səfiri iki ölkə arasında mədəni əlaqələrin musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
        Sonra “Va-Liqa” musiqi ansamblının üzvləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvləri Hanavaçie, Omodaka Akiko, Yamada MiçikoKasai Hiroyukinin ənənəvi yapon musiqi alətləri olan tsuqaru şamisen, şinobue, vadaiko və zərb alətlərində təqdim etdikləri ifalar, həmçinin Azərbaycan muğamının ifa tərzinə bənzər Yaponiyanın minyo musiqisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
        Konsertin sonunda ansamblın üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

        Festivalın proqramına uyğun olaraq, bu gün - iyunun 29-da axşam Yay teatrında Gəncə Dövlət Filarmoniyasının konserti olacaq.
Mustafa DADAŞOV
Şəki, 29 iyun, AZƏRTAC