Xəbərlər‎ > ‎

Şəkidə arx problemi

29 Eki 2014 05:37 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Eki 2014 05:38 güncellendi ]
Hər bir problemin həlli üçün ilk olaraq onun kökünü, səbəbini araşdırmaq lazım gəlir. Elə arxların dolması kimi. Şəkidə bu problemdən nə qədər danışılsa da həll olunmur ki, olunmur. Əslində səbəb və ya səbəbkarı axtarmaqla işimizi bitmiş hesab edirik. Nəticə isə hələ də olduğu kimi qalır. Deyirlər dost başa baxar, düşmən ayağa. Adətən, bu sözü əsas tutaraq, getdiyimiz hər yerdə yuxarı baxmağa çalışırıq. Nəticədə ayağımızın altında, ətrafımızda olanları görməzdən gəlirik. Sanki, bir addımlğımızda nələrin olduğun görmürük. Elə bu ürəkbulandıran mənzərə kimi... Bura şəhərin mərkəzi küçələrindən biridir. Küçə boyunca uzanan arxların içini ən yaxşı halda zibilxanalaya bənzətmək olar. Bu hal daha çox yaxınlığında yaşayış evlərinin olduğu küçə və prospektlərdə yaşanır. Bu vəziyyət eyni zamanda insanların sağlamlığına da təhlükə törədir. Bundan əlavə, yağışların intensivləşəcəyi təqdirdə arxların dolub-daşacağı şübhəsizdir. Keçilməz yollar avtomobillər və piyadaların hərəkətinə hansı maneələrin yaradacağını təxmin etmək olar. Bəzi hallarda isə dolub-daşan arxların suyu bəzi sakinlərin həyətinə axır. Bu sakinlərin haqlı narazılığını başa düşmək olar. Doğrudur, şəhərin təmizliyinin qorunmasında əlaqədar qurumlar məsuliyyət daşısa da, bu məsələdə sakinlər də maraqlı olmalıdır. Təəssüf ki, bəzi sakinlər məişət tullantılarından asan yaxa qurtarmağın yolunu, onu arxlara atmaqda görürlər. Şəki Kommunal Təsərüffat və İstehsalat Birliyinin rəsmisi arxların müntəzəm təmizləndiyini desə də vəziyyət göz önündədir. Şəki KTİB-nin direktor müavini Ənvər Əhmədov bir daha sakinlərə müraciət edərək bu məsələdə onlara yardımçı olmağa çağırıb. Nəzərə alsaq ki, qarşıda bizi fəslin qeyri-sabit hava şəraiti gözləyir, bu dəvətə biganə qalmaq ən azı insafdan deyil. Bu şəhər, bu yollar hamımızındır.
Mənbə: Kanal S