Xəbərlər‎ > ‎

Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında Azərbaycanda yaşayan müxtəlif xalqların folklor kollektivlərinin nümayişi olacaq

30 Haz 2015 04:13 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Haz 2015 04:14 güncellendi ]
        
Azərbaycanın tarixində əlamətdar hadisə olan birinci Avropa Oyunlarının keçirildiyi bu günlərdə Respublikanın Bəstəkarlar İttifaqında “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının təşkili ilə bağlı gərgin hazırlıq işləri aparılmışdır.


        Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, bu festival iyulun 1-dən 5-dək vətənimizin dilbər guşələrindən biri - bu gün də əsrarəngiz ipək sapları və gözəl kəlağayıları ilə UNESCO-nun bəşəriyyətin mədəni irsi siyahısına daxil edilən qədim Şəki şəhərində keçiriləcək.
        Festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqisi səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər.
        “İpək Yolu” festivalının özəlliyi və bənzərsizliyi ondan ibarətdir ki, onun bütün tədbirləri füsunkar memarlıq abidələrinin – Şəki Xan Sarayı, Yuxarı Karvansaray tarixi kompleksi, Kiş kəndində yerləşən Alban kilsəsinin ecazkar mənzərəsi önündə keçirilir.
        Festival günlərində F.Kərimovun dirijorluğu ilə Adana (Türkiyə) şəhərindən “Çukurova Semfoni” simfonik orkestrinin (solist T.Qəniyev) və C.Tağızadənin rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının “Baku-Sinfonietta” orkestrinin, Yaponiya və Polşadan dəvət olunmuş ansamblların, habelə gənc muğam ifaçıları Arzu Əliyeva və Sahib Paşazadənin çıxışları gözlənilir.
Festivalın yeniliyi isə Azərbaycanda yaşayan müxtəlif xalqların folklor kollektivlərinin möhtəşəm nümayişi olacaq. Bu füsunkar və parlaq rənglər və səslər aləminin festivalda təmsil olunması bir il öncə dövlətimizin başçısının Sərəncamı ilə fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək.
        Beləliklə, “Bakı–2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü “Qardaşlıq, dostluq və qarşılıqlı anlaşma” ideyaları Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında da öz təcəssümünü tapacaq.

Mənbə: sheki-ih.gov.az