Xəbərlər‎ > ‎

Düsen Kaseinov: "Yumor və şirniyyat şəhəri Şəkidə yenidən olmağımızdan çox şadıq"

30 Haz 2016 05:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Haz 2016 05:19 güncellendi ]
        "Yumor və şirniyyat şəhəri, qonaqpərvər insanların yaşadığı Şəkidə yenidən olmağımızdan çox şadıq. Bu şəhərdə artıq 7-ci dəfədir “İpək yolu” musiqi festivalı keçirilir. TÜRKSOY bu festivalda həmişə rəngarəng proqramlarla çıxış edib. Builki “İpək yolu” festivalının açılışı da məhz TÜRKSOY-un xalq çalğı alətləri ansamblına həvalə olunub."

        AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş Katibi, professor Düsen Kaseinov festivalın açılışı mərasimində jurnalistlərə müsahibəsində deyib.
        O bildirib ki, 2016-cı ilin martında yaradılan xalq çalğı alətləri ansamblı Novruz bayramına həsr olunan xüsusi proqramla ilk dəfə Nyu-Yorkda, BMT-nin böyük konfrans zalında konsert verib, daha sonra Vaşinqtonda çıxış edib.
        Şəkinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını yüksək qiymətləndirən Düsen Kaseinov paytaxt ili çərçivəsində tədbirlərin keçirilməsinə göstərdiyi köməyə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Baş katib vurğulayıb ki, TÜRKSOY Mədəniyyət və Turizm Nazirliyi ilə yalnız Azərbaycanda təşkil edilən tədbirlərdə deyil, ümumiyyətlə, bütün türk dünyasında keçirilən tədbirlərdə sıx əməkdaşlıq edir. Bu tədbirlərdə Azərbaycanın istedadlı musiqiçiləri, artistləri, rəssamları, həmçinin elm adamları yaxından iştirak edirlər.
        TÜRKSOY-un Baş katibi Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının keçirilməsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin yorulmaz fəaliyyətini xüsusi vurğulayaraq deyib: “Şəkidə hər ilin yayında ənənəvi olaraq keçirilən bu festivalda iştirakımız bizim üçün çox önəmlidir. TÜRKSOY olaraq festivalı dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”.

Mustafa DADAŞOV
Şəki, 28 iyun, AZƏRTAC